“ASB daha bir əlilliyi olan vətəndaşa dəstək oldu”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə banklar tərəfindən köməklik göstərilməsi ilə əlaqədar sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü, özünüməşğulluq proqramının genişləndirilməsi işlərində bankların iştirakına şərait yaradıb. Əhalinin həssas qruplarından olan vətəndaşların özünüməşğulluq proqramlarında dəstəklənməsinin əhəmiyyətinə önəm verərək, ASB də bu proqramda iştirakı vacib hesab edir. Proqram əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin, işsiz və işaxtaran şəxslərin və s. məşğulluğunun artırılması, kiçik sahibkarlığa çıxışının dəstəklənməsində əlavə imkanlar yaratmağa xidmət edir.
11 mart 2020-ci il tarixli memoranduma uyğun olaraq maddi cəhətdən həssas əhali qrupuna daxil olan şəxslərin maddi rifahlarının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında bağlanmış sazişə əsasən, özünüməşğulluğun təşkili üçün xüsusi proqram hazırlanıb. Bankların bu proqramda iştirakı sosial məsuliyyət ehtiva etdiyindən olduqca vacib əhəmiyyət kəsb edir. Özəlliklə pandemiya dövründə fəaliyyətdə olan bizneslərə və fərdi sahibkarlığa dəstək önəmli məsələlərdən birinə çevrilib. Azərbaycanın ilk banklarından biri olan ASB daim bu növ proqramlarda iştirakı özünə prioritet sayaraq, belə təşəbbüslərin aktiv iştirakçısı və təşviqatçısı olub.
Bütün növ sosial məsuliyyət ehtiva edən layihələrdə iştirakı öncəliyinə çevirən ASB, bu sahədə həm aparıcı yerlərdən birini tutur, həm də aktiv iştirakı ilə əhəmiyyətli işlər görür. ASB, öz dəstəyi ilə bu dəfə də əhalinin həssas qruplarından olan vətəndaşlara yardım edib. Proqram çərçivəsində dəstəyi davam etdirən ASB, bu dəfə Astara rayonu, Səncərdi ərazisi dairəsi, Artupa kəndi ünvanında qeydiyyatda olan, III qrup əlil Rzayev Araz Rəhman oğluna, fərdi sahibkarlığını qurmaq üçün nəzərdə tutulan un məmulatlarının hazırlanmasında lazım olan avadanlıqları təqdim edib. ASB proqram çərçivəsində digər vətəndaşlara da dəstəyi davam etdirəcəkdir.